Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistanın yeganə yolu var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək.
“Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək”, - Əliyev şənbə günü Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirib.
Prezidentin sözlərinə görə, Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.
“Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır”, - Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, sərhədlərin delimitasiyası üzrə işçi qrup yaradılmalıdır və sülh müqaviləsinə hazırlıq işləri getməlidir. **
B.Rüstəmbəyov