Azərbaycanda Ermənistanın yatardığı saxtakarlıqları - xüsusilə də tarixi xarakterli saxtakarlıqları ifşa etmək və onların acınacaqlı nəticələrini nümayiş etdirmək üçün layihəyə start verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, layihə “VMedia” YouTube kanalında həyata keçirilir.
“Ermənistanda saxtalaşdırma dövlət siyasətinə çevrilib və Qafqazda artıq 100 ildən çoxdur ki, qanlı müharibələrin alovlanmasının əsas səbəbidir. Belə bir layihəyə tələbat, ilk növbədə, ölkənin siyasi elitasının öz böhtanlarında necə dolaşıb qaldığını görən erməni cəmiyyətinin özündə mövcuddur. Ermənistanda baş verənlərin səbəbi isə məhz bunda – feyklərdə, miflərin yaradılmasında, müxtəlif saxtalaşdırmalardadır ki, onların da köməyi ilə “sıxışdırılan əzabkeş azlıq” obrazı yaradılır, vətəndaşlara isə belə bir fikir təlqin edilir ki, guya özgə torpaqlarını özlərinin “əzəli qədim” torpaqları elan etmək kampaniyası uğurlu ola bilər...Bunun nəticəsi isə qan, ən ağır məğlubiyyət, artıq özlərininki elan etməyə macal tapdıqları ərazilərin itirilməsi və bunun necə baş verməsinin başa düşülməməsidir”, - deyə layihənin müəllifləri qeyd edirlər.
“Biz təqdim etdiyimiz faktları təkzib edə biləcək hər bir şəxsə bir milyard dollar verməyə hazırıq! Sizin diqqətinizi cəlb etmək üçün belə mərc təklif edirik - bunlar sadəcə faktlar deyil, rəsmi erməni tarixşünaslığının və təbliğatının təməl daşlarıdır”, - deyə müəlliflər qeyd edirlər.
Layihənin məqsədi bu meqa-feykləri istehlak edən erməni ictimaiyyətinə informasiya dəstəyinin göstərilməsindən ibarətdir. “Ermənistanda hazırkı vəziyyət çoxillik tarixi və siyasi saxtalaşdırmaların qanunauyğun nəticəsidir. Bugünkü gün Ermənistan üçün qaçılmaz idi və yeganə çıxış yolu feyklərin necə faciəli, hətta fəlakətli nəticələrə gətirib çıxardığını anlamaqdır. Ümid edirik ki, bizim videoçarxlar silsiləsi sizə konkret feyklərin nədən ibarət olduğunu və onların ayrıca götürülmüş dövlətin və bütövlükdə bütün regionun inkişafı və təhlükəsizliyi üçün nə kimi təhlükə yaratdığını başa düşməyə kömək edəcək”, - deyə müəlliflər vurğulayırlar.
Müəlliflər bu layihənin iki xalq arasında münasibətlərin normallaşdırılması və vətəndaş cəmiyyəti arasında təmaslara şərait yaradılması istiqamətində addım olacağına ümidvar olduqlarını bildirirlər.*
A.Əzizov
https://www.youtube.com/watch?v=BxHBhaQSNJ8
https://www.youtube.com/watch?v=VtAtb5Bxrs0