Azərbaycanda COVİD-19 koronavirus infeksiyası əleyhinə mübarizə çərçivəsində gündəlik vaksinasiya sayını 100 min dozaya qədər artırmaq planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan”a TƏBİB-dən məlumat verilib.
“Hazırda gündəlik təxminən 80 min doza vaksin vurulur. Bu rəqəmi gündəlik 100 min dozaya çatdırmağı planlaşdırırıq. Bunun üçün vaksinasiya məntəqələrinin sayı artırılacaq”, - TƏBİB-dən qeyd ediblər.
Bundan başqa, hazırda TƏBİB üçüncü doza vaksinin zəruriliyi ilə əlaqədar araşdırmalara aparır. “Hazırda revaksinasiyanın zəruriliyi ilə bağlı kliniki tədqiqatlar aparırıq Bu tədqiqatların nəticələrinə əsasən, çox yaxında qərar qəbul olunacaq”, - TƏBİB-dən qeyd ediblər.
Operativ Qərargahın iyulun 1-nə olan məlumatına əsasən, 2 milyon 256,816 min nəfər birinci, 1 milyon 340,292 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 3 milyon 597,108 min təşkil edir.
2021-ci il iyulun 1-nə Azərbaycanda koronavirusa yoluxma hallarının ümumi sayı 336,122 minə çatıb.Virusa yoluxmuş 330,275 min nəfər müalicə olunaraq sağalıb. Aktiv xəstə sayı 872 nəfərdir.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.**
X.Nəsirzadə