2 iyul tarixində xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Nazirlər ikitərəfli gündəliyin bir çox istiqamətləri, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, tranzit sahəsində əməkdaşlıq, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - XİN-dən məlumat verilir.
Tərəflər Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsi, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bayramov Kazakbayevə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb.
Həmçinin, Bayramov Qarabağda hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. **
E.Şəfiyev