Bu gün Xəzərin Azərbaycan sektorunda partlayış palçıq vulkanının püskürməsi nəticəsində baş verib. Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, palçıq vulkanlarının püskürməsi adətən partlayış və alovla müşayiət olunur.
“Püskürmə quruda baş verəndə, havaya müəyyən miqdarda alov qalxır, bundan sonra vulkan palçıq lava püskürməyə başlayır. Bənzər proses dənizdə də baş verir, sadəcə biz vulkanın püskürdüyü palçığı görmürük”, - deyə Yetirmişli bildirib. O əlavə edib ki, palçıq vulkanları 10-20 saniyə alov püskürür.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla bağlı videokadrlar yayılıb. Qeyd olunub ki, partlayış SOCAR-ın dənizdəki qaz yataqlarından birində baş verib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.*
R.Əhmədov