Dövlət Sərhəd Xidməti (DSX) İranla sərhəddə silahlı insidentin baş verməsi və bir narkokuryerin məhv edilməsi barədə məlumat yayıb.
Məlumata görə, iyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.
“Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər. Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən silah tətbiq olunub, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri - İran ərazisinə qaçıblar”, - deyə məlumatda qeyd olunur.
Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla Azərbaycan ərazisinə keçirdikləri 1 ədəd çantada ümumi çəkisi 7 kq narkotik və psixotrop maddələr aşkar olunaraq götürülüb.
Bu barədə İran tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
“Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə