2021-ci ilin yanvar-may aylarında Azərbacanda Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara verilən güzəştli kreditin həcmi 24,9 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziriMikayıl Cabbarovməlumat verib.
Cabarov özünün Facebook səhifəsində yazıb ki, 339 investisiya layihəsi üzrə kredit verilib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Nazir qeyd edib ki, ayrılmış vəsaitlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Həmçinin, kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilib.
2020-ci ildə SİF-in xətti ilə sahibkarlara 127 milyon manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov