Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx imzalayıblar.
Sənədə əsasən, KOBİA və USAID daha əlverişli və rəqabətli biznes mühitinin yaradılması istiqamətində birgə təşəbbüslər həyata keçirəcək, yerli KOB-lara məhsuldarlığı, gəlirləri və keyfiyyəti artırmaq, satış bazarlarını şaxələndirmək imkanı verən, eləcə də COVID-19 pandemiyası kimi böhranlı vəziyyətlərə qarşı dayanıqlığı gücləndirən tədbirləri dəstəkləyəcək.
Tədbir çərçivəsində, həmçinin KOB sahəsində Agentlik və USAID arasında əməkdaşlıq perspektivlərinə, təcrübə mübadiləsinə, ABŞ-ın KOB sahəsi üzrə fəaliyyət göstərən qurumları ilə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov