Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti və Aİ tərəfindən dəstək göstərilməsinin mümkünlüyünü müzakirə edib.
“Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti və Aİ-nin bu məsələdə hansı dəstəyi göstərə biləcəyini müzakirə etdim”, - deyə o, bu gün Bakıda jurnalistlərə bildirib.
Komissarın sözlərinə görə, Aİ regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək.
“Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıb. Aİ olaraq bu mübadiləni alqışlayırıq. Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir, Gürcüstan baş nazirini buna görə təbrik edirəm, o, tərəfləri bu addımı atmağa inandırıb. Aİ dayanıqlı sülhün əldə olunması üçün istənilən dəstəyi göstərməyə hazırıq. Tərəflər regionun bərpası üçün Aİ-nin dəstəyini istəyəcəyi təqdirdə, Aİ hər iki tərəf üçün həmişə əlçatandır”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov