Prezident İlham Əliyev bəyan edib ki, Ermənistanın Qarabağ müharibəsində itkiləri ən azı 7-8 mindir, Azərbaycan isə 3 minə yaxın şəhid verib.
“Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir“, - deyə dövlət başçısı iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
İ.Əliyev vurğulayıb ki, Ermənistan tərəfinin real itkiləri bu rəqəmdən çoxdur.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi. Ancaq ən vacib göstərişlərimdən biri də o idi ki, əməliyyatlar planlaşdırılarkən və həyata keçirilərkən biz qarşımıza qoyduğumuz hədəfə minimum itkilərlə çataq.
“Ancaq onu da bilməliyik ki, apardığımız müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki, birincisi əks-hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq, daha çox itki verir - müdafiə olunan tərəfdən ən yaxşı halda üç-dörd dəfə çox. Bunu hərbçilər daha yaxşı bilirlər. Digər tərəfdən, azad edilmiş torpaqların relyefi bizim üçün çox əlverişsiz idi. Qarşı tərəf üçün əlverişli idi. Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev