2021-ci ilin yanvar-may aylarında Azərbaycan əhalisinin sayı 16,139 min nəfər və ya 0,2% artaraq 2021-ci il iyunun 1-nə 10 milyon 135,272 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-may aylarında ölkə üzrə 47,156 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 0,1% azdır. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil edib. Doğulanların 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarıdır. Körpələrdən 1180-i əkiz, 30-u isə üçəm doğulanlardır.
Bu dövrdə 31,849 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,7 təşkil edib. 2020-ci ilin yanvar-aprel aylarında bu göstərici 6 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 19,141 min nikah (2020-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 24,8%) və 6,745 min boşanma halı (artım 16,5%) qeydə alınıb.**
X.Nəsirzadə