2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,5% - 1 milyard 977 milyon manata qədər (cari məzənnə ilə $1 milyard 162,9 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 53% - 211,8 min tona qədər, dizel yanacağı istehsalında 10% - 1 milyon 230,8 min tona qədər, sürtkü yağı istehsalında 79,6% – 24,6 min tona qədər, neft bitumu 10,4% - 150,1 min tona qədər, neft koksu istehsalında 18,3% - 131,8 min tona qədər artım qeydə alınıb.
Yanvar-iyun aylarında 579,1 min ton (azalma 5,3%) avtomobil benzini, 241,4 min ton (azalma 4%) təyyarə yanacağı, 24,4 min ton (azalma 37,8%) soba mazutu istehsal edilib.
2021-ci il iyulun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 68,4 min ton avtomobil benzini, 1,3 min ton nafta, 36,2 min ton təyyarə yanacağı, 101,8 min ton dizel yanacağı, 11,6 min ton soba mazutu, 4,5 min ton sürtkü yağı, 13,3 min ton neft bitumu, 7,5 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.**
N.Abbasova