2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 4 milyard 370,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 5,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 milyard 153,7 milyon manat məbləğində heyvandarlıq, 2 milyard 216,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,4%, bitkiçilik məhsullarının istehsal həcmi 8,9% artıb.
6 ay ərzində respublikada 268,5 min ton ət (artım 3,1%), 1 milyon 75,3 min ton süd (artım 1,8%), 951,3 milyon ədəd yumurta (azalma 4%), 14,6 min ton yun (artım 0,1%), 491,3 ton barama (artım 10,2%) istehsal edilib.
Yanvar-iyun aylarında respublikada 776,7 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 8,3% çoxdur. Hesabat dövründə 391,2 min ton kartof (artım 6,2%), 2 milyon 627,7 min ton dənlilər (artım 10,8%), 100,1 min ton bostan bitkiləri (artım 30,7%), 133,9 min ton meyvə və giləmeyvə (artım 1,5%), 522,4 ton yaşıl çay yarpağı (artım 23,7%) yığılıb.
Hazırda ölkədə yaz-tarla işləri davam edir və hesabat dövründə 387,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çoxdur.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.**
X.Nəsirzadə