2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 5 milyard 919,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2 milyard 741,2 milyon manat (azalma 2,8%), qeyri-neft qaz sektoruna investisiyaların həcmi isə 3 milyard 178,2 milyon manat (azalma 11,3%) təşkil edib.
Yanvar-iyun aylarında istifadə olunmuş vəsaitin 4 milyard 68,9 milyon manatı və ya 68,7%-i məhsul istehsalı sahələrinə, 1 milyard 381,5 milyon manatı (23,4%-i) xidmət sahələrinə, 469 milyon manatı (7,9%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 309,1 milyon manatını (bütün investisiyaların 39%-i) xarici, 3 milyard 610,3 milyon manatını (61%) daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.*
N.Abbasova