2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana $397 milyon 587,52 min dəyərində (artım 37,1%) 39,643 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 69,3% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $345 milyon 382,5 min dəyərində (artım 39,3%) 36,741 min ədəd avtomobil (artım 67,6%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $1 milyon 249,51 min dəyərində 36 ədəd elektrokar və $30 milyon 19,17 min dəyərində 4,878 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, yanvar-iyun aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $40 milyon 952,18 min dəyərində 2,794 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,1 dəfə), o cümlədən $6 milyon 363,79 min dəyərində 48 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 36%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $4 milyon 889,05 min dəyərində 60 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 21,1%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
X.Nəsirzadə