Azərbaycan Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini alıb. Bunu Prezident İlham Əliyev bu gün Moskvada Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq”, - deyə İ.Əliyev vurğulayıb.
Əliyev və Putin danışıqlar zamanı ikitərəfli ticarət məsələlərini də müzakirə ediblər.
“İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə”, - deyə Azərbaycan Prezidenti qeyd edib.*
A.Əzizov