Azərbaycan hökuməti ölkə əhalisinin 70%-ə qədərini COVİD-19 əleyhinə peyvəndləməyi planlaşdırır. Bu barədə Azərbaycan Respublikasının baş naziri Əli Əsədov bəyan edib.
Çərşənbə günü Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib.
“Azərbaycana 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir”, - Ədəsov deyib.
Onun sözlərinə görə, “peyvəndlənmə xəstəliyin qarşısını almaq üçün ən təsirli vasitədir”.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.
İyulun 21-nə olan məlumata görə, 4 milyon 398,9 min nəfər vaksinasiya olunub. Eyni zamanda, 1 milyomn 801,782 min nəfər və ya əhalinin təqribən 18%-i tam vaksinasiya olunub. Azərbaycan əhalisinin sayı 10,1 milyon nəfərdir.
İyulun 21-nə Azərbaycanda koronavirusa yoluxma hallarının ümumi sayı 339,062 min təşkil edir.
Virusa yoluxmuş 331,537 min nəfər müalicə olunaraq sağalıb. Ölənlərin ümumi sayı 4 998 nəfər təşkil edir.
Hazırda aktiv xəstə sayı 2 min 527 nəfərdir. **
R.Əhmədov