2020-ci il noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında üçtərəfli saziş imzaladılar. Müharibənin nəticələri və bu sənədin özü Avrasiyanın bu hissəsində geosiyasi mənzərəni əhəmiyyətli dərəcədə dəyişdi. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik Oleq Kuznetsov bildirib.
Beləliklə, nə gözlənilir?
Kuznetsovun sözlərinə görə, ötən il noyabrın 10-da saziş imzalandıqdan sonra Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli işində yeganə ali arbitr oldu, bu məqsədlə 1996-cı ildə xüsusi olaraq yaradılmış ATƏT-in Minsk Qrupu ikinci plana keçdi və yaxud ümumiyyətlə, bu prosesə hər cür təsirini itirdi.
“Bu gün rəsmi İrəvan Avropa İttifaqının ali siyasi strukturlarının fəal dəstəyi ilə bu qurumun əhəmiyyətini hər vəchlə canlandırmağa və Minsk Qrupunun 30 il ərzində Ermənistanın Azərbaycana məxsus ərazilərin işğalına imkan verməsini təmin edən danışıqlar formatını geri qaytarmağa çalışır. Təbii ki, Kreml özü üçün belə bir perspektiv istəmir, çünki bu, onu Azərbaycanın sayəsində yeni əldə etdiyi statusun imtiyazlarından və eksklüzivliyindən avtomatik olaraq məhrum edir. Nəticə etibarilə, ATƏT-in Minsk Qrupunun Cənubi Qafqazda mövcudluğu Kreml üçün arzuolunmazdır”, - deyə siyasi analitik hesab edir.
Digər tərəfdən, ATƏT-in Minsk Qrupu bu gün Qərb-Rusiya qarşıdurmasının deyil, siyasi tərəfdaşlığın hələ də davam etdiyi az sayda beynəlxalq institutlardan biridir. Odur ki, Qarabağ və onun ətrafında vəziyyət avropalı və transatlantik opponentlərin Kremlə sadəcə hipotetik deyil, tamamilə real siyasi təzyiq alətinə çevrilir.
“Ona görə də indiki şəraitdə ATƏT-in Minsk Qrupunun buraxılması obyektiv olaraq Rusiyanın Qərblə təmaslarda təcrid olunması yolunda daha bir addım olacaq. Bu səbəbdən Kreml hazırda Cənubi Qafqaz regionunda hərbi-siyasi hegemonluğu və Moskva ilə Brüssel arasında siyasi münasibətlərdəki parçalanmanın daha da dərinləşməsi və genişlənməsi arasında seçim etməyə məcburdur”, - deyə ekspert hesab edir.
Kuznetsovun fikrincə, Moskva nəzəri olaraq Bakı və ATƏT-in Minsk qrupunun üzvü olan Ankara ilə birləşə, bu qurumun tərkibindən çıxdığını elan edə bilər ki, bu da onun mövcudluğunun başa çatması demək olacaq. Bu məsələdə onları ATƏT-in Minsk qrupunun daha bir daimi üzvü - Belarus həmrəylik məqsədilə və Dağlıq Qarabağ münaqişəsi ilə qətiyyən bağlılığı olmayan geosiyasi səbəblərdən tam dəstəkləyə bilər.
“Lakin Kreml Türkiyənin Cənubi Qafqazda iştirakını və təsirinin güclənməsini istəmir, bu regionda yeganə hegemon olmağı arzulayır, lakin Türkiyənin təsirinin artması və iştirakının genişlənməsi səbəbindən bu statusu qoruya bilmir, ATƏT-in Minsk qrupu buraxılarsa, Türkiyənin təsiri və iştirakı avtomatik olaraq daha da artacaq. Burada ən maraqlısı odur ki, Türkiyə ATƏT-in Minsk Qrupunun nə saxlanmasından, nə də buraxılmasından heç nə itirmir, Kreml isə hər iki halda itki ilə üzləşir”, - deyə Kuznetsov hesab edir.
Onun fikrincə, Minsk Qrupunun buraxılmasının bu variantında əsas benefisiar Azərbaycan olacaq. Ölkə Prezident İlham Əliyevin şəxsində Qarabağ və onun ətrafında müharibədən sonrakı vəziyyətlə bağlı mövqeyini tam dəqiq, konkret və qəti şəkildə ifadə edib: Dağlıq Qarabağ münaqişəsi tamamilə başa çatıb və və tarixin bir hissəsinə çevrilib, Dağlıq Qarabağ kimi siyasi-coğrafi definisiya artıq mövcud deyil, Azərbaycanın Qarabağ iqtisadi rayonu var.
“Başqa sözlə, ATƏT-in Minsk Qrupunun buraxılması Qarabağ uğrunda Ermənistan-Azərbaycan müharibəsinin siyasi yekunlarını möhkəmləndirəcək. 15 iyun 2021-ci il tarixində Azərbaycanla müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Türkiyə rəsmi Bakının mövqeyini beynəlxalq arenada hər zaman tam dəstəkləyəcək. Görünür, Rusiyanın da ATƏT-in Minsk Qrupunu bundan sonra da dəstəkləmək istəyi yoxdur. Onun tərkibində formal iştirak Kremlə heç bir əlavə dividend gətirməyəcək, əksinə, böyük itkilərə səbəb ola bilər. Belə olan halda Cənubi Qafqazın geosiyasətində ATƏT-in Minsk Qrupu üçün daha yer yoxdur”, - deyə politoloq hesab edir.
Kuznetsov əlavə edib ki, iyulun ikinci ongünlüyündə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya, eləcə də Aİ-nin sədri Şarl Mişelin İrəvana və Bakıya səfərləri göstərir ki, hazırda ATƏT-in Minsk Qrupunun gələcək taleyi ilə bağlı böyük ticarət gedir. Bu halda həlledici söz Kremldə olacaq. Bu qərar Moskva, Bakı və Ankara arasında məsləhətləşmələrdən sonra məlum olacaq. “Kremlin bu vəziyyətdə özü üçün hansı qərarı qəbul edəcəyi və ya artıq qəbul etməsi hələ ki, sirr olaraq qalır”, - deyə rusiyalı politoloq vurğulayıb.*
A.Əzizov