Prezident İlham Əliyev Suqovuşan qəsəbəsinin turizm potensialının inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib.
“İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq”, - deyə dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Prezident hesab edir ki, şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm turistlər üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir. Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun.
“Son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilib və bu proses davam edir”, - deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı qeyd edib ki, regionda bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonalarının (beşulduzlu, dördulduzlu, üçulduzlu) olması ilə bağlı göstəriş verib.*
X.Nəsirzadə