İlin I yarısında Azərbaycanın valyuta ehtiyatları $1 milyard artıb. Bunu Prezident İlham Əliyev deyib.
“İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi”, - deyə dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. (...) hər manata qənaət etməliyik”, - deyə İ.Əliyev vurğulayıb.
O əlavə edib ki, valyuta ehtiyatlarımızın artımı çox vacib məsələdir. “Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik”, - deyə prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulunun 19%-ni təşkil edir. “Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. İlin sonuna qədər xarici ticarətimizin müsbət saldoSU təqribən 6-7 milyard dollar olacaq. Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax bu, bizim planlarımızın real nəticəsidir”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, 6 ayda Azərbaycanın xarici ticarətinin müsbət saldosu 3,4 milyard dollar olub. “Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq”, - deyə İlham Əliyev əlavə edib.
2020-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 49,6% azdır. Azalma COVID-19 pandemiyası ilə şərtlənib.*
A.Əzizov