Azərbaycan prezidenti İlham Əliyev cümə günü Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsini təsdiq edib.
Agentliyin nizamnamə fondu 1 milyon manatdır.
AZPROMO ixracın və investisiyaların təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, ixracatçılara və investorlara bir sıra xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Azərbaycan prezidenti İlham Əliyev AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bununla əlaqədar, Nazirlər Kabinetinə xarici dövlətlərin investisiya təşviqi qurumlarının maliyyələşdirilməsi sahəsində mütərəqqi təcrübəsi nəzərə alınmaqla, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin, Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
İqtisadiyyat Nazirliyinə Agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşlarının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.
Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
Şura onun sədri də daxil olmaqla 7 üzvdən: iqtisadiyyat nazirindən, xarici işlər nazirinin müavinindən, kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir.
Şura üzvlərini Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. **
R.Əhmədov