Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib.
Şənbə günü Nazirlər Kabinetinin rəsmi saytında dərc olunan sənədə əsasən, qüvvədə olan Qaydalara əsasən, Azərbaycan Respublikasına uçuşlar icra edən aviadaşıyıcılar əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri aşağıdakı şərtlərlə reysə qəbul edirlər:
- yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan sərnişinləri, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
Azərbaycan Respublikasının vətəndaşları, həmçinin diplomatik pasport sahibləri, Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), habelə ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər– müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur (uşağın yaşı uçuş tarixinə müəyyən edilir).
Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftə müddətinəaviadaşıyıcının hesabınakarantinə alınacaq və zəruri hallarda müalicə olunacaq.
Müəyyən olunmuş tələbləri pozaraq həyata keçirdiyi hər bir reysdə nəzərdə tutulmuş sərnişinlərin sayı 3 və daha çox olan və ya ardıcıl olaraq həyata keçirdiyi üç reysin hər birində bu cür sərnişinlər olan aviadaşıyıcılar tərəfindən Azərbaycan Respublikasına uçuşların həyata keçirilməsinin müvəqqəti dayandırılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin ediləcək. **