Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, partiyanın rəsmisi Ömər Çelik bəyan edib ki, İrəvanın aqressiv siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək.
“Ermənistan özünü aldatma ilə məşğul olmamalı və Azərbaycanın Kəlbəcər rayonu istiqamətində olduğu kimi, buna bənzər baş verən təxribatlara onu sövq edən dairələrin ritorikasına uymamalıdır”, - Çelik Twitter hesabında yazıb, bu barədə Anadolu agentliyi məlumat verir.
Partiyanın sədr müavini iki ölkənin sərhədində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin hərəkətlərini kəskin qınayıb.
“İrəvanın aqressiv siyasəti – regionda sülhə təhdiddir. Həmçinin İrəvanı bu cür hərəkətlərə sövq edən qüvvələr buna görə məsuliyyət daşıyırlar. Həmin qüvvələr, Ermənistana layiqli cavab veriləcəyi təqdirdə, bu ölkəni birmənalı olaraq dəstəkləməycəklər. Ermənistanın vəziyyəti yalnız pisləşəcək”, - siyasətçi yazıb.
Çelik Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın region ölkələrinin dialoq və əməkdaşlıq mexanizminin formalaşması ilə əlaqədar təşəbbüsünü xatırladıb. “Ermənistan aqressiv hərəkətlərdən imtina edəcəyi təqdirdə bu mexanizmin bir hissəsi ola biləcək. İrəvan bu tarixi şansı itirməməli və Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks halda, bu ölkəni yeni problemlər gözləyir. Ermənistan regional sülhü təhlükə altına qoya bilməz. Buna imkan verilməyəcək”, - o qeyd edib. **