2021-ci il yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri iyunun 30-na 1,24% - $44 milyard 104,9 milyona qədər artıb. Bu barədə ARDNF-nin mətbuat xidmətindən məlumat verilib.
Fonddan vurğulanıb ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
«Qeyd olunan dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb”, - Fondun məlumatında deyilir.
2021-ci ilin birinci yarısında ARDNF-nin gəlirləri 6 milyard 886,1 milyon manat, mənfəət neftinin və qazın satışından 4 milyard 175 milyon manat, bonus ödənişləri 786,6 milyon manat, tranzit gəlirləri 10,8 milyon manat təşkil edib. Hesabat dövrü ərzində fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 927 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 28%-ni təşkil edir.
Hesabat dövründə ARDNF-nin xərcləri 4 milyard 708,7 milyon manat təşkil edib.
Fondun xərcləri strukturunda 4 milyard 696.7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1,4 milyon manat vəsait yönəldilib, fondun idarə edilməsi ilə bağlı xərclər 10,6 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 milyard 258,2 milyon manat təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova