Ermənistan hökuməti Azərbaycanla sərhəd boyu vəziyyəti stabilləşdirə bilmir. Bu barədə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
“Hökumətin və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq Ermənistan-Azərbaycan sərhədi boyu vəziyyət stabilləşmir. Azərbaycan aqressiv ritorika və hərəkətləri davam etdirərək, beynəlxalq ictimaiyyətin vəziyyətin siyasi və uzunmüddətli həllinə yönələn bütün təkliflərini cavabsız qoyur”, - Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan indiyədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin yüksək səviyyədə siyasi dialoqa başlamaqla bağlı təklifinə cavab verməyib.
“Biz həmçinin ATƏT MQ-nin həmsədrlik mandatından kənarda dialoqa cəlb olunmağa hazır olduğumuzu bildirmişik. Azərbaycan öz hərəkətləri ilə dialoq imkanını hər vasitə ilə pozmağa çalışır”, - Paşinyan qeyd edib. **