Azərbaycan 2021-ci ilin yanvar-iyun aylarında $1,2 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 27,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($123,6 milyon – azalma 23,8%), çiyidli pambıq ($121,9 milyon – artım 2,1 dəfə), qızıl ($107,9 milyon – artım 25,9%), polipropilen ($52 milyon – artım 30,3%), sıxlığı 0,94-dən az olan ilkin formalı polietilen ($50 milyon – artım 2 dəfə), təmizlənmiş fındıq ($40,3 milyon – azalma 26,1%), kartof ($39,8 milyon – artım 17,8%), elektrik enerjisi ($33 milyon – azalma 20,7%), xurma ($31,9 milyon – artım 2,3 dəfə) və sair malların ($562 milyon – artım 41,6%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($403,8 milyon – artım 9%), Türkiyə ($309,5 milyon – artım 74,7%), İsveçrə ($117,6 milyon – artım 22,4%), Gürcüstan ($80,2 milyon – artım 4,6%) və ABŞ ($30,3 milyon – artım 3,7 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,7%-i RF-nin, 25,8%-i Türkiyənin payına düşüb.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək.*
N.Abbasova