Azərbaycan 2021-ci ilin yanvar-may aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 4 milyard 355,72 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 3,8% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
May ayında Türkiyəyə 426,72 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 11,85%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 2,1 dəfə azalıb.
Bu azalmanın 2021-ci ilin yazında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə qaz ixracı haqqında müqavilənin müddətinin bitməsi ilə əlaqədar olması ehtimal olunur.
Azərbaycan 2021-ci ilin may ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (51,75%), ikinci yerdə İran (23,91%), dördüncü yerdə Əlcəzair (10,14%), beşinci yerdə ABŞ (2,34%) qərarlaşıb.
Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pilləyə enib.
May ayında Türkiyəyə 3 milyard 599,51 milyon kubmetr qaz (2020-ci ilin may ayı ilə müqayisədə artım 34,9%) ixrac edilib. 3 milyard 150,09 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 87,5%-i, artım 2,6 dəfə), 449,42 milyon kubmetr (bütün ixracın 12,5%-i, azalma 3,2%) isə LNG-nin payına düşüb. Bütün ixrac 5 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair və ABŞ (LNG)) həyata keçirilib.
Xəbər verildiyi kimi, “Mərhələ-1” çərçivəsində Türkiyəyə qazın nəqli haqqında müqavilənin müddəti aprel ayının 16-da bitib. Nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib. Hazırda BOTAŞ şirkəti və “Şahdəniz” konsorsiumu arasında “Mərhələ-1” çərçivəsində qazın nəqli haqqında yeni müqavilənin bağlanmasına dair danışıqlar davam etdirilir.
2020-ci ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova