İyulun 31-də Milli Məclisin sədri Sahibə Qafarova 2021-ci il avqustun 3-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.
Qeyd edək ki, iyul ayının 29-na keçən gecə Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
KİV-lərin məlumatına görə, bir neçə polis əməkdaşı restorana gələrək gecə saat 12 olduğu üçün karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb ediblər. Sərxoş vəziyyətdə olan Eldəniz Səlimov onlardan restoranı tərk etmələrini tələb edib. Baş verən dava zamanı deputat polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.
Məlumatda restoranın deputatın qohumuna məxsus olduğu bildirilir.
Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.*