2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2% artaraq 90,1 milyon manat ($53 milyon) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 61,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,3%-i ictimai iaşə xidmətlərindən, 2%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-iyun aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,6% artaraq 694,7 min olub. Gecələmələrin 51,7%-i Bakıda, 8,5%-i Qəbələdə, 5,7%-i Qusarda, 5,2%-i Qubada, 4,9%-i Lənkəranda, 4,2%-i Şabranda, 3,6%-i Xaçmazda, 2,8%-i Naftalanda, 2%-i Şamaxıda, 1,6%-i Mingəçevirdə, 1,2%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i Masallıda, 0,8%-i Gəncədə, 0,7%-i Qaxda, 0,6%-i Zaqatalada, 0,5%-i Şəmkirdə, 4,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalaraq 132,8 min olub ki, bu da ümumi gecələmələrin 19,1%-ni təşkil edir. Gecələmələrin 15,7%-i Türkiyə, 15,2%-i Böyük Britaniya, 10%-i Rusiya Federasiyası, 5,1%-i İtaliya, 4,3%-i Almaniya, 2,9%-i ABŞ, 2,6%-i Ukrayna, 2%-i İsrail, 2%-i Niderland, 1,9%-i Belarus, 1,7%-i Qazaxıstan, 1,5%-i Fransa, 1,3%-i Norveç, 33,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 85,5%-i Bakıda, 5,2%-i Qusarda, 3%-i Qəbələdə, 1,7%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Şabranda, 0,9%-i Naftalanda, 0,8%-i Mingəçevirdə, 0,8%-i Qubada, 0,9%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə artaraq 561,9 min olub.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9% səviyyəsində olub (2020-ci ilin yanvar-iyun aylarında 7,6%). Bu göstərici Şabranda 47,1%, Beyləqanda 23,4%, Lənkəranda 17,6%, Naftalanda 17,1%, Şəmkirdə 16,3%, Qubada 15,2%, Qəbələdə 13,7%, Bərdədə 12,8%, Cəlilabadda 12,8%, Bakıda 11,9%, Ağcabədidə 11,6%, Qusarda 11,6%, Şamaxıda isə 10,8% olub.*
A.Salayeva