İsrailin “OurCrowd” şirkəti və Azərbaycan İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
“İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. Tədbir çərçivəsində imzalanan sənəddə startap layihələrinə sərmayə qoyuluşu, İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqi, innovasiyalar, ekosistemin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
“Memorandumda əksini tapan məsələlərin reallaşdırılması yeni texnologiyaların sürətlə mənimsənilməsinə, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsinə, dövlət qurumlarının və biznesin yeni çağırışlara çevik uyğunlaşmasına töhfə verəcək”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, 2013-cü ilin fevral ayında qurulan “OurCrowd” şirkəti İsrailin vençur investisiya şirkətidir. Qiymətli kağızlar üzrə dünyanın ən böyük kütləvi maliyyələşdirmə platformalarından olan şirkət süni intellekt, texnologiya, nəqliyyat, enerji, səhiyyə, təhlükəsizlik və digər sahələrdə fəaliyyət göstərən startap şirkətlərinə investisiya qoyuluşu üzrə ixtisaslaşıb. Şirkət investorlar və qurumlar üçün startaplara, ilkin mərhələli şirkətlərə və vençur fondlara sərmayə qoyuluşu məqsədilə yatırım platforması təklif edir.*
A.Salayeva