Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
Görüş zamanı Bayramov Azərbaycanın həm pandemiya ilə mübarizədə rolundan, bu xüsusda Azərbaycan prezidenti tərəfindən irəli sürülən qlobal təşəbbüslərdən, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı barədə məlumat verib.
O cümlədən, XİN başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti və onun nəticələri ilə üzləşib.
Bayramov Ermənistanın davam edən hərbi təxribatları və ötən il həyata keçirilmiş cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, beləliklə də BMT TŞ-nin qətnamələrinin icrasının təmin edilməsi barədə qarşı tərəfə məlumat verib.
Nazir, həmçinin BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq, o cümlədən Azərbaycana YUNESKO və BMTQAK missiyalarının həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən razılığın ifadə olunması, ümumiyyətlə Azərbaycanın hərbi əməliyyatların dayandırılmasından dərhal sonra humanitar sahədə atdığı addımlardan ətraflı şəkildə bəhs edib.
Bayramov işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. “Lakin, əfsuslar olsun ki, Ermənistan tərəfi hələ də bu məsələlərdə qarşılıq verməyib və beynəlxalq hüquqa zidd yanaşma nümayiş etdirir», - XİN başçısı vurğulayıb.
O cümlədən, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidən qurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
E.Şəfiyev