Bakı Metropoliteni Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC ilə bağlanan müqavilə çərçivəsində alınmış 4 yeni qatar tərkibini xəttə buraxıb.
“Bu gün Bakı Metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765 B./81-766 B. modelli vaqonlar istismar müddətini başa vurmuş vaqonları əvəz edib. Bu dəfə gətirilən vaqonlar da sifarişçinin texniki şərtlərinə uyğun olaraq istehsal edilib”, - deyə məlumatda bildirilir.
Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Aslanov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək. Bakı Metropolitenində müasir standartların tələblərinə uyğun gələn qatarların sayı 19-a (95 vaqon) çatıb.
Qeyd edək ki, iyunun sonunda “Metrovaqonmaş” ASC hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibini Bakıya yola salıb.
2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” ASC arasında imzalanmış müqaviləyə əsasən, Rusiya şirkəti Bakı metrosu üçün 81-765.4B/766.4B modelli 60 müasir tipli vaqon (hər birində 5 vaqon olmaqla 12 qatar tərkibi) istehsal edəcək. Müqavilə 2020-2023-cü illəri əhatə edir və Azərbaycana ildə 20 müasir vaqonun tədarükünü nəzərdə tutur.
Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar qoyulub. Qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir.
Sərnişin rahatlığı baxımından 81-765.4Б/766.4Бmodelli vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Bu sistem havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Ultrabənövşəyi lampalar havadakı zərərli hissəcikləri sürətlə məhv etməyi bacarır. Sərnişinlər elektron qurğularını vaqonlardakı USB portlar vasitəsilə doldura bilərlər.
“Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 300-dən çox vaqon var. 2018-2019-cu illərdə Bakıya 81-765.B/766.B modelində hər birində 5 vaqon olmaqla, 8 qatar gətirilib.*
X.Nəsirzadə