KTMT-nin baş katibi Stanislav Zas təşkilatın məsuliyyət zonasının bütün perimetri boyu, xüsusilə Belarus ətrafında və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artdığını qeyd edir.
KTMT-nin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanda səfərdə olan Zas xarici işlər naziri Armen Qriqoryan, müdafiə naziri Arşak Karapetyan, eləcə də Ermənistan Təhlükəsizlik Şurası Aparatının rəhbəri Ayk Petrosyanla görüşüb.
KTMT-nin baş katibi görüşlərdə qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginlik həm Ermənistanın təhlükəsizliyinə, həm də bütövlükdə, KTMT-nin məsuliyyət zonasında təhlükəsizliyə mənfi təsir göstərir. “Biz silahlı insidentlərin mütəmadi xarakter almasından, coğrafiyasının genişlənməsindən və itkilərlə nəticələnməsindən son dərəcə narahatıq. Hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd ziddiyyətlərinin siyasi və diplomatik tədbirlərlə həlli imkanları tükənməyib”, - deyə o vurğulayıb.
Avqustun 10-da KTMT baş katibinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi gözlənilir.*