Ermənistan-Azərbaycan sərhədində vəziyyət bütün Qafqaz regionunun təhlükəsizliyinə təhdiddir. “Armenpress” informasiya agentliyinin məlumatına görə, bunu təşkilatın baş katibi Stanislav Zas deyib.
“Biz vəziyyəti izləyirik, o cümlədən Ermənistanın dövlət strukturlarının köməyi ilə monitorinq aparırıq. Əlbəttə, hesab edirik ki, Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlər Qafqaz regionunun və KTMT-nin üzvü olan Ermənistanın təhlükəsizliyi üçün təhdiddir”, - deyə o, bu gün Ararat vilayətində hərbi hissəyə baş çəkərkən jurnalistlərə bildirib.
Bununla yanaşı, baş katib qeyd edib ki, vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib. “Bu, hamı üçün ən yaxşı variant olardı”, - deyə Zas bildirib.
O, Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında iş formatının vacibliyini bəyan edib.
“Biz son zamanlar sərhəddə toqquşmaların müntəzəm xarakter almasından, intensivliyin müşahidə olunmasından çox narahatıq. Bütün bunlar Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və regionda sülhün bərqərar olması yollarının tapılması barədə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə edilmiş razılaşmaların yerinə yetirilməsini çətinləşdirir. Bütün tərəflərin bunu başa düşəcəyini və fikir ayrılıqlarının siyasi yolla həlli üçün addımlar atacağını gözləyirik”, - deyə S.Zas bildirib.*