Dövlət Turizm Agentliyi (DTA) 2024-cü ildə Azərbaycana turist axınının pandemiyadan əvvəlki göstəricilərə çatacağına ümid edir.
“Hökumətin və İqtisadiyyat Nazirliyinin ən nikbin proqnozlarına görə, Azərbaycan turist axınının 2019-cu ildəki göstəricilərinə 2023-cü ildə qayıda bilər. Amma biz düşünürük ki, tam şəkildə bərpa 2024-cü ildə reallaşacaq”, - deyə DTA-nın sədri Fuad Nağıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, göstəricilərin artması üçün bir çox şeyin ölkədə epidemioloji vəziyyətdən asılı olduğunu deyib.
“Əksər ölkələrin, xüsusilə də Avropa ölkələrinin təcrübəsi göstərir ki, sərhədlərin açılması və karantin rejiminin yumşaldılması zamanı koronavirus infeksiyasına yoluxmaların sayında kəskin artım müşahidə olunub. Bir çox ölkələr artıq pandemiyanın dördüncü dalğasını elan ediblər, buna görə də risklərlə ehtiyatlı olmaq lazımdır, çünki bizim üçün vətəndaşların sağlamlığı prioritetdir”, - deyə F.Nağıyev vurğulayıb.
O əlavə edib ki, hazırda Azərbaycana səfər etmək istəyən bir sıra ölkələrin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycana 795,7 min turist gəlib ki, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə (3 milyon 170,4 min nəfər) azdır.*
X.Nəsirzadə