Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, UNESCO-nun missiyasının Qarabağda işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfəri Ermənistanın mövqeyinə görə yenə də gecikir.
“İndi müharibə bitib, (Qarabağ - İF) münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır”, - Əliyev çərşənbə axşamı BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edir.
“Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır”, - prezident deyib.
Əliyevin sözlərinə görə, lakin, müharibə bitdikdən sonra Azərbaycan UNESCO tərəfindən “onların gəlmək istədiyinə” dair siqnallar aldı.
“Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”, - prezident bildirib.
Həmçinin, Əliyev məlumat verib ki, Azərbaycan BMT ilə daimi təmasdadır.
“Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”, - prezident yekun vurub. **
B.Rüstəmbəyov