2021-ci ilin I yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5% - 278,857 milyon manatadək ($164 milyon) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bu nəqliyyat dəhlizi ilə yük daşımalarından gəlirləri 1,1% - 104 milyon 107,4 min manata qədər ($61,2 milyon) artıb.
Yanvar-iyun aylarında Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından Azərbaycanın gəlirləri 56,9% - 14 milyon 713,1 min manata qədər ($8,7 milyon) azalıb ki, bu da COVID-19 pandemiyası səbəbindən müəyyən məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.
Xəbər verildiyi kimi, hesabat dövründə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 20 milyon 325,2 min ton yük (azalma 6,3%), o cümlədən 4 milyon 652,6 min ton tranzit yük (artım 7,4%) daşınıb.
2021-ci ilin yanvar-iyun aylarında TRACECA ilə 34 milyon 777 min nəfər sərnişin (azalma 58,6%) daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova