2021-ci ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 230,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 74,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyul ayında fondun agent bankları tərəfindən 27,1 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, 7 ay ərzində İKZF 182,4 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 4,4 dəfə - İF).
İyul ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Yanvar-iyul aylarında İKZF dövlət büdcəsindən 35,5 milyon manat vəsait alıb.
Yanvar-iyul aylarında fond istiqrazların yerləşdirilməsindən 105 milyon manat (iyulda istiqraz yerləşdirilməyib) cəlb edib.
2020-ci ildə İKZF-nin agent bankları tərəfindən 257,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə