Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ümumi çəkisi 126 qram olan zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı “Qırmızı Kanal”a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib. Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb”, - deyə məlumatda bildirilir.
Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının və çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, 2 ədəd sırğa-üzük-klon dəsti, 1 cüt sırğa və 1 ədəd boyunbağı aşkar edilib.
“Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 126 qram olan zərgərlik məmulatlarıdır”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova