“Zəyəm Texnologiyalar Parkı” (ZTP) ASC 2021-2023-cü illərdə gəlirlərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi ZTP-nin proqnozlarına istinadən xəbər verir ki, 2021-ci ildə cəmiyyətin gəlirləri 4 milyon 869,311 min manat, 2022-ci ildə 5 milyon 843,173 min manat, 2023-cü ildə 7 milyon 11,807 min manat təşkil edəcək.
2020-ci ildə müəssisənin gəlirləri 4 milyon 57,7 min manat təşkil edib.
Beləliklə, 2023-cü ildə ZTP-nin gəlirləri 2020-ci ilin göstəricisini 72,8% üstələyəcək.
Qiymətləndirmələrə görə, 2021-2023-cü illərdə müəssisənin gəlirlərinin əsas hissəsi kənd təsərrüfatı sektoru üçün metal konstruksiyaların (2023-cü ildə 3,5 milyon manat) və avadanlıqların (2023-cü ildə 2,45 milyon manat) istehsalı hesabına formalaşacaq.
Cari ildə cəmiyyətin xərcləri 4 milyon 548,257 min manat, 2022-ci ildə 5 milyon 457,909 min manat, 2023-cü ildə 6 milyon 549,49 min manat təşkil edəcək.
Nəticədə 2021-ci ildə xalis mənfəət 321,053 min manat, 2022-ci ildə 385,264 min manat, 2023-cü ildə 462,317 min manat məbləğində proqnozlaşdırılır.
ZTP 2020-ci ili 2,7 milyon manat zərərlə başa vurub.
Şəmkir şəhərində fəaliyyət göstərən “Zəyəm Texnologiyalar Parkı” ASC kənd təsərrüfatı sektoru üçün metal konstruksiyalar, avadanlıqlar və digər məhsulların istehsalını həyata keçirir. 2020-ci ilin sonuna cəmiyyətin aktivləri 17,2 milyon manat məbləğində qiymətləndirilir.*
X.Nəsirzadə