Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı bəyanatlarını qətiyyətlə pisləyir və hesab edir ki, bu bəyanatlar Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edir.
“Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüzkar siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir”, - deyə XİN-in Mətbuat xidməti idarəsi Qarabağ münaqişəsinin nizamlanmamasına dair Paşinyanın verdiyi bəyanatı şərh edib.
XİN xatırladıb ki, Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.
“Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaqdır. Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə, bu mövqe Ermənistanı səfalətə sürükləyir”, - deyə nazirlikdən vurğulayıblar.*
X.Nəsirzadə