SOCAR şirkəti yenidən Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji”nin səhmlərinin 100%-lik sahibi oldu.
“SOCAR birbaşa və dolayısı ilə “SOCAR Turkey Enerji”dəki payını 100%-dək artırıb”, - SOCAR-ın Türkiyədəki törəməsinin məlumatında deyilir.
Şirkətin məlumatına görə, bu, “Goldman Sachs International”ın (GSI) SOCAR-ın strukturlarına öncə "SOCAR Turkey Enerji A.Ş."ın əldə etdiyi səhmlərinin 13%-ni satması ilə əlaqədar saziş hesabına mümkün olub. Xüsusilə, səhmlər SOCAR Turkiye Enerji və SOCAR-a məxsus Sermaye Investments Limited (SIL) şirkətinə satılıb.
“Saziş artıq sona çatmış hesab olunur və beləliklə, SOCAR birbaşa və dolayısı ilə “SOCAR Turkey Enerji”dəki payını 87%-dən 100%-ə çatdırıb”, - SOCAR-ın Türkiyədəki törəməsi qeyd edir.
Həmçinin, şirkət izah edir ki, Goldman Sachs Group ilə 2015-ci il 14 avqust tarixli saziş Amerika bankı tərəfindən “SOCAR Turkiye Enerji”nin 890574713 səhminin əldə olunmasını nəzərdə tuturdu. Həmin səhmlərə görə GSI $1,3 milyard ödəniş edib.
Sazişin şərtlərinə görə, bank yaxın 6 il ərzində İPO vasitəsilə “SOCAR Turkey Enerji”dəki payını satmaq hüququna malikdir. Əgər qeyd olunan müddətdə bu cür satış baş tutmasa, o zaman 6 ildən sonra Goldman Sachs səhmlərin 10%-ni “SOCAR Turkiye Enerji”yə geri satmaq, səhmlərin daha 3%-ni - Sermaye Investments Limited şirkətinə satmaq hüququna malik olub.
Xəbər verildiyi kimi, GSI ilə saziş “SOCAR Turkiye Enerji”yə “Petkim” kompleksinin özəlləşdirilməsi məqsədilə cəlb edilən kreditdən qalan $1 mlrd.-a yaxın vəsaiti vaxtından əvvəl ödəməyə imkan verib.
“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb. Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz tədarük edir.
Bundan başqa,2019-cu ildən etibarən SOCAR Turkiye Enerji “Millenicom” telekommunikasiya şirkətinin sahibidir. **
N.Abbasova