Azərbaycan 2021-ci ilin yanvar-avqust aylarında $364,7 milyon məbləğində meyvə-tərəvəz məhsulları ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan $1,6 milyard məbləğində (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 31,7%) qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə qeyri-neft ixracının 22,8%-i ($364,7 milyon) meyvə-tərəvəz məhsullarının payına düşüb.
“Bu ilin 8 ayı ərzində pambıq iplik ixracı 3,1 dəfə, şəkər ixracı 2,2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1,5 dəfə, pambıq lifi ixracı 88,5%, kimya sənayesi məhsullarının ixracı 68%, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 45% artıb”, - deyə məlumatda bildirilir.
Daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, 2021-ci ilin sonuna qədər Azərbaycandan qeyri-neft məhsullarının ixracı $2 milyardı ötəcək.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək.*
B.Rüstəmbəyov