Azərbaycan hökuməti 2022-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddini 2 milyard 567 milyon manat məbləğində və ya ÜDM-in 3,2%-i səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində (2021-ci illə müqayisədə artım 8,6%) proqnozlaşdırılır.
2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti $45-a (2021-ci ildə $40) bərabər götürülüb.
Gəlirlərin 52,4%-i və ya 13 milyard 840 milyon manat neft sektorunun, 47,6%-i və ya 12 milyard 567 milyon manat qeyri-neft sektorunun payına düşəcək. 2021-ci illə müqayisədə qeyri-neft sektorundan büdcəyə daxilolmalar 21,4% artacaq.
2022-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11 milyard 860 milyon manat (2021-ci illə müqayisədə 2,8% az) və ya büdcə gəlirlərinin 44,9%-i səviyyəsində nəzərdə tutulub.
2022-ci ildə dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat məbləğində (2021-ci ilin göstəricisinə nəzərən artım 12%) proqnozlaşdırılıb.
Xərclərin 19 milyard 914 milyon manatını və ya 68,7%-ni cari xərclər, 7 milyard 148 milyon manatını və ya 24,7%-ni əsaslı xərclər, 1 milyard 912 milyon manatını və ya 6,6%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.
2021-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat, xərcləri 25 milyard 847,5 milyon manat, kəsiri 1 milyard 520,5 milyon manat və ya ÜDM-in 2%-i səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyi sentyabrın 15-dək 2022-ci il dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edəcək.*
B.Rüstəmbəyov