Dövlət Sərhəd Xidməti (DSX) İrandan ümumi çəkisi təxminən 12 kq olan narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirməyə cəhd edən narkokuryerin saxlanılması barədə məlumat yayıb.
“Sentyabr ayının 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub”, - deyə DSX-nin məlumatında bildirilir.
Sərhəd naryadının “Dayan” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib. “Sərhəd pozucularından 1-i yaralanıb, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub”, - deyə məlumatda qeyd olunur.
Yaralanmış sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, zəruri tibbi yardım göstərilib.
Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.
Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılıb.
“Hazırda Füzuli Hərbi Prokurorluğu və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev