Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar”, - deyə Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev bildirib.
O qeyd edib ki, bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir.
“Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir”, - deyə H.Mirzəyev vurğulayıb.
O, “Üç qardaş – 2021” beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.
Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, xalqlarımız və ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, beynəlxalq siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı regional tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaq. “Üç qardaş – 2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq.*
A.Salayeva