Azərbaycan prezidenti İlham Əliyev Ağstafa və Qazax rayonlarında 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması üçün dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,12 milyon manat ayırmağı tapşırıb.
Sərəncama görə, Ağstafa rayonunda 6 ədəd quyu, Qazax rayonunda 10 ədədə quyu qazılacaq.
Bu addım əhalisi 49,42 min nəfər olan 14 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün atılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyev bazar ertəsi müvafiq sərəncam imzalayıb, sənəd dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov