“Yelo Bank” 2021-ci ilin əvvəlindən mikro, kiçik və orta biznesin inkişafına 140 manatdan çox vəsait ayırıb. Bu barədə “Yelo Bank”ınİdarə Heyəti sədrinin müavini Elşən Pirmalıyev məlumat verib.
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə yalnız cari ildə 140 milyon manatdan çox kredit vermişik və bu istiqamətdə dəstəyimizi davam etdirməyi planlaşdırırıq. Bu rəqəm bank üzrə eyni dövrdə verilmiş ümumi kredit məbləğinin 63%-ni təşkil edir”, - Pirmalıyev bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bankın hədəfləndiyi müştəri seqmenti əhali və kiçik sahibkarlardır. “Bu baxımdan, hər iki seqmentin maliyyələşdirilməsi və hərtərəfli xidmətlərlə təmin edilməsi bizim üçün prioritetdir. Bununla belə, ölkədə real sektorun sürətli inkişafı, bizneslərə maliyyə dəstəyini daha da zəruri edir. Bu baxımdan Bankın strateji hədəfləri real sektorda yaranan tələbatla üst-üstə düşür”, - o vurğulayıb.
“Yelo Bank” 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment”dir. **
A.Əzizov