Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, iddiaçı qismində sığorta fəaliyyətinə lisenziyası olan sığorta şirkəti çıxış edə bilər.
Tenderdə iştirak etmək üçün iddiaçılar son 1 ildəki maliyyə vəziyyəti barədə bank arayışı təqdim etməlidirlər. İddiaçının tələb olunan kapitalı 5 milyon manatdan az olmamalıdır.
Qiymətləndirmə meyarları bunlardır: qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, şərtsiz azadolma məbləğləri və təkrarsığorta şirkətlərinin reytinqi.
İddiaçılar tender təkliflərini 28 oktyabr saat 18.00-a qədər təqdim etməlidirlər. Tender proseduru 29 oktyabr tarixində saat 15.00-da keçiriləcək. tenderdə iştirak haqqı 300 manatdır.
Tenderin şərtlərinə görə, əmlak və nağd pul vəsaitinin sığorta xidmətinin göstərilməsinə 1 yanvar 2022-ci il tarixindən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2022-ci il tarixindən başlanılır. Sığorta xidmətinin göstərilməsi müddəti 12 aydır. **
R.Əhmədov