Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bütün təxribatların qarşısını alıb. Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib.
“Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağda Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısını alıb və bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlər görəcək”, - Həsənov cümə axşamı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüş zamanı bildrib.
Həmçinin, Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.
Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu üçtərəfli bəyanatın tələblərinə tam əməl edir.
Öz növbəsində, Klaar bölgədə sülhün təmin olunması istiqamətində Avropa İttifaqının müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. **
B.Rüstəmbəyov